
"Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklərlə fiziki və hüquqi şəxslərin fərdi və kollektiv müraciətlərinin elektron qaydada təqdim edilməsi və cavablandırılması üçün yeni hüquqi əsaslar formalaşdırılıb.
Qanuntv.az xəbər verir ki, məqsəd vətəndaşların dövlət qurumları ilə qarşılıqlı əlaqələrinin daha çevik, əlçatan və səmərəli təşkil edilməsidir.
Dəyişikliyə əsasən, elektron müraciətlərin təqdim edilməsi və vətəndaşların qəbula yazılması vasitələrinə Elektron Hökumət İnformasiya Sistemində (EHİS) yaradılmış elektron kabinetlər də əlavə olunub.
Bundan sonra elektron müraciətlərə cavab müraciət edən şəxsin seçiminə uyğun olaraq EHİS-dəki elektron kabinet, elektron ünvan və ya poçt ünvanı vasitəsilə göndəriləcək.
Həmçinin bildirilib ki, EHİS üzərindən təqdim edilən müraciətlər istisna olmaqla, elektron müraciətlərdə tələb olunan məlumatlar, o cümlədən fiziki şəxsin FİN-i, hüquqi şəxsin VÖEN-i və ya elektron ünvan göstərilmədiyi hallarda cavab yazılı formada poçt vasitəsilə təqdim olunacaq.
Qeyd edək ki, "Vətəndaşların müraciətləri haqqında" Qanunun müddəaları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmadığı hallarda əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin müraciətlərinə də şamil edilir.





