
"Arzum 9999" ləqəbi ilə tanınan tiktoker İlduzə Hacıyevanın məhkəmə prosesi yekunlaşıb.
Məhkəmənin hökmünə əsasən, İlduzə Hacıyeva 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Qərarın açıqlanmasından sonra sosial şəbəkələrdə məsələ geniş müzakirələrə səbəb olub.
Bir sıra vətəndaşlar məhkəmə qərarı ilə razı olmadıqlarını bildirərək hadisə ilə bağlı müxtəlif fikirlər səsləndiriblər.
Baku TV tərəfindən aparılan sorğuda sürücülər də məsələ ilə bağlı münasibətlərini ifadə ediblər.
Sürücülərdən biri bildirib ki, onun fikrincə, verilən hökm ədalətli deyil:
"Fikrimcə, bu, ədalətsiz qərardır. Çünki xanım sola dönmə işığını yandırmışdı. Digər sürücü isə sürət həddini aşmışdı. Hər bir halda həmin sürət qəzanın baş verməsinə səbəb olacaqdı".
Digər sürücü isə qanun qarşısında hamının bərabər olduğunu vurğulayaraq qeyd edib:
"Ədalətli olmaq lazımdır. Xanımdır, ya kişidir, fərqi yoxdur. Həlak olan sürücünün sürəti həddindən artıq yüksək idi".
Qeyd edək ki, məhkəmənin qərarı ictimaiyyət arasında fərqli mövqelərin formalaşmasına səbəb olub və məsələ sosial mediada müzakirə edilməkdə davam edir.





