
2026–2027-ci tədris ilindən etibarən yeni təmayül tədris modeli Bakı şəhərində fəaliyyət göstərən 31 ümumi təhsil müəssisəsində tətbiq olunacaq. Model tam orta təhsil səviyyəsində məktəbin akademik rolunun gücləndirilməsi və şagirdlərin ali məktəblərə hazırlığının birbaşa məktəbdə təşkil edilməsini nəzərdə tutur.
Yeni yanaşmanın əsas məqsədi şagirdlərin əlavə hazırlıq kurslarına ehtiyac duymadan, məktəbdə təşkil olunan gücləndirilmiş tədris prosesi vasitəsilə ali təhsil müəssisələrinə qəbul üçün tələb olunan bilik və bacarıqlara yiyələnməsini təmin etməkdir.
Model çərçivəsində tədris prosesi təmayül istiqamətlərinə uyğun daha məqsədyönlü təşkil ediləcək. Şagirdlərin seçdikləri ixtisas istiqamətlərinə uyğun fənlər üzrə bilik və bacarıqlarının inkişafına xüsusi diqqət yetiriləcək ki, bu da onların gələcək təhsil hədəflərinə daha sistemli hazırlaşmasına imkan yaradacaq.
Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi bildirib ki, bu layihə əvvəllər pilot proqram kimi tətbiq olunsa da, yeni model əvvəlkindən daha təkmildir.
Ekspertin sözlərinə görə, yeni sistemdə yüksəkixtisaslı pedaqoji kadrlar və qrup rəhbərləri tədris prosesinə cəlb olunacaq. Onlar yalnız dərslərin təşkili ilə deyil, həm də şagirdlərin qiymətləndirilməsi və nəticələrinin izlənilməsi ilə məşğul olacaqlar.
Elçin Əfəndi hesab edir ki, bu yanaşma valideynlərin repetitor və hazırlıq kurslarına çəkdiyi xərcləri azaldacaq, eyni zamanda şagirdlərin dərs yükünü yüngülləşdirəcək. Onun fikrincə, model özünü doğruldacağı təqdirdə yaxın illərdə ölkənin digər bölgələrində də tətbiq edilə bilər.
Ekspert əlavə edib ki, layihədə iştirak edən müəllimlər sertifikasiya imtahanından uğurla keçmiş şəxslərdir. Gələcəkdə onların tamştatlı müəllim kimi fəaliyyət göstərməsi əməkhaqlarının da artırılmasına imkan yarada bilər.





