
Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsinə və bir sıra digər qanunvericilik aktlarına edilən dəyişikliklərlə Azərbaycanda işçilərin pay (səhm) iştirakı planı haqqında müqavilə ilə bağlı hüquqi tələblər müəyyənləşdirilib.
Yeni qaydalara əsasən, işçilərin pay (səhm) iştirakı planı haqqında müqavilə kommersiya hüquqi şəxsin təsisçisinin (iştirakçısının) və ya onun səlahiyyət verdiyi işəgötürənin təşəbbüsü ilə bağlanır. Müqavilə işçiyə müəssisənin paylarının (səhmlərinin) güzəştli şərtlərlə və ya ödənişsiz verilməsini, yaxud gələcəkdə həmin payları əldə etmək hüququnun tanınmasını tənzimləyir.
Qanunvericiliyə əsasən, pay və ya səhmlərin işçinin tam mülkiyyətinə keçməsi iki şərtdən biri ilə əlaqələndirilə bilər. Bunlardan biri işçinin müəyyən müddət ərzində müəssisədə çalışmasını nəzərdə tutan zamana əsaslanan şərt, digəri isə işçi və ya şirkətin qarşıya qoyulmuş fəaliyyət hədəflərinə nail olmasını nəzərdə tutan hədəfə əsaslanan şərtdir.
Dəyişikliklərə görə, əmək münasibətlərinə xitam verilməsi zamanı işçinin pay hüquqları müqavilədə müəyyən edilən qaydalara uyğun tənzimlənəcək. Həmçinin işçiyə bu müqavilə əsasında verilən pay və ya səhmlər əməkhaqqına daxil edilməyəcək və əməkhaqqının əvəzi hesab olunmayacaq.
Mülki Məcəlləyə edilən dəyişikliklərə əsasən, təsərrüfat cəmiyyətləri işçiləri və idarəetmə orqanlarının üzvlərini həvəsləndirmək məqsədilə pay (səhm) iştirakı planı üzrə müqavilələr bağlaya biləcəklər. Bu müqavilələr yazılı formada tərtib olunacaq, notariat qaydasında təsdiq tələb edilməyəcək və cəmiyyət tərəfindən həmin müqavilələrin xüsusi daxili reyestri aparılacaq.
Vergi Məcəlləsinə edilən dəyişikliklərlə isə pay (səhm) opsionu müqavilələri çərçivəsində işçilərə verilən opsionlar, səhmlər və onların sonradan paya çevrilməsi nəticəsində əldə olunan faydalar müəyyən hallarda muzdlu işdən əldə edilən gəlir hesab edilməyəcək. Bundan əlavə, pay (səhm) opsionu hüququ əsasında əldə edilmiş aktivlərin üçüncü şəxslərə satılmasından yaranan gəlirlər də vergidən azad olunacaq.
Yeni dəyişikliklərin əsas məqsədi ölkədə korporativ idarəetməni təkmilləşdirmək, startap və innovasiya ekosistemini gücləndirmək, eləcə də işçilərin şirkətlərin inkişafında daha fəal iştirakını təşviq etməkdir.





