
Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" beynəlxalq kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri, IDEA İctimai Birliyinin təsisçisi və sədri Leyla Əliyevanın doğum günüdür.
Qanuntv.az xəbər verir ki, Leyla Əliyeva 3 iyul 1985-ci ildə anadan olub.
O, 1989-2000-ci illərdə Bakı şəhərində yerləşən 160 nömrəli tam orta məktəbdə təhsil alıb. 2000-ci ildə orta təhsilini başa vurduqdan sonra Avropa Biznes Məktəbinə daxil olub. 2006-2008-ci illərdə isə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun magistratura pilləsində təhsilini davam etdirib.
Leyla Əliyeva 10 may 2007-ci ildən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, 2011-ci ildən isə Fondun vitse-prezidenti kimi fəaliyyət göstərir.
Onun təşəbbüsü ilə həyata keçirilən sosial, humanitar və ekoloji layihələr Azərbaycanda və beynəlxalq miqyasda geniş rezonans doğurub. Leyla Əliyeva ənənəvi olaraq doğum günlərini qayğıya ehtiyacı olan uşaqlarla birlikdə qeyd edir, valideyn himayəsindən məhrum olmuş uşaqlara, yaşlı insanlara, qaçqın və məcburi köçkün ailələrinə xüsusi diqqət göstərir.
2007-ci ildə Moskvada təsis olunan "Baku" jurnalının yaradıcısı olan Leyla Əliyeva, 2008-ci ildən həyata keçirilən "Xocalıya Ədalət" beynəlxalq kampaniyasının da təşəbbüskarıdır. Bu təşəbbüs çərçivəsində dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində çoxsaylı tədbirlər və aksiyalar təşkil olunub.
Leyla Əliyeva həmçinin Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri kimi Azərbaycan həqiqətlərinin, ölkəmizin zəngin mədəniyyətinin və tarixinin tanıdılması istiqamətində mühüm fəaliyyət göstərib.
Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyinin (IDEA) təsisçisi olan Leyla Əliyevanın təşəbbüsü ilə ölkədə milyonlarla ağac əkilib, "Bizim həyət" və "Məktəb bağları" kimi uğurlu layihələr həyata keçirilib.
Fəaliyyətinə görə o, müxtəlif illərdə "Tərəqqi" medalı, "Puşkin" medalı, "Həştərxan vilayəti qarşısında xidmətlərinə görə" medalı, III dərəcəli Müqəddəs Mələksima "Knyaginya Olqa" ordeni və bir sıra beynəlxalq mükafatlarla təltif olunub.
2015-ci ildə aclıqla mübarizə, ərzaq təhlükəsizliyi, kənd təsərrüfatının inkişafı və ekoloji təşəbbüslərə verdiyi töhfələrə görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri adına layiq görülüb.
Leyla Əliyeva ictimai fəaliyyəti ilə yanaşı, yaradıcı fəaliyyətlə də məşğuldur. O, şeirlər müəllifi, rəssam, həmçinin "Əli və Nino" filminin icraçı prodüseri və "Bakı, mən səni sevirəm" kinolayihəsinin rəhbərlərindən biridir.
Qanuntv.az kollektivi Leyla Əliyevanı doğum günü münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, yeni uğurlar və fəaliyyətində davamlı nailiyyətlər arzulayır.





