
Vətəndaşların səyahət imkanlarının asanlaşdırılması və ölkələr arasında əlaqələrin gücləndirilməsi məqsədilə Səudiyyə Ərəbistanı Krallığının, Oman Sultanlığının, Küveyt Dövlətinin və Bəhreyn Krallığının ümumvətəndaş pasportuna malik vətəndaşlarının 2026-cı ilin 15 fevral tarixindən 2027-ci ilin 15 fevral tarixinədək Azərbaycan Respublikasının ərazisinə daxil olması üçün viza tələbi ləğv edilib.
Dövlət Miqrasiya Xidmətinin məlumatına görə, bu dövr ərzində müvafiq ölkə vətəndaşları Azərbaycana üç dəfə vizasız gələ və hər girişdə 30 günədək qala bilərlər. Ölkəyə turizmdən fərqli məqsədlərlə gəlmək və ya uzun müddət qalmaq istəyən vətəndaşlar isə müvafiq viza almalıdırlar.
Həmçinin Səudiyyə Ərəbistanı, Oman, Küveyt, Bəhreyn və Qətər vətəndaşları üçün etibarlılığı ən azı 6 ay olan müvəqqəti və daimi yaşayış icazələrinə malik üçüncü ölkə vətəndaşları bir girişli 30 günlük turizm vizasını Azərbaycan beynəlxalq hava limanlarında ala bilərlər.
Qeyd edək ki, Azərbaycan ərazisində 15 gündən artıq müvəqqəti qalmaq istəyən əcnəbilər Miqrasiya Məcəlləsinə uyğun qeydiyyata alınmalıdır. Müvəqqəti qalma müddətinin uzadılması və ya icazə üçün "ASAN xidmət" mərkəzlərinə və ya Dövlət Miqrasiya Xidmətinin elektron xidmətlərinə müraciət etmək mümkündür.
Ətraflı məlumat üçün Dövlət Miqrasiya Xidmətinə (012) 919 Çağrı Mərkəzi, rəsmi sosial şəbəkə hesabları və ya pr@migration.gov.az e-maili vasitəsilə müraciət edə bilərsiniz.





