
Oxu.Az-ın “Qanun nə deyir” rubrikasında bu dəfə xaricdə bağlanan nikahların Azərbaycanda hüquqi qüvvəsi izah olunur.
Qanuntv.az xəbər verir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 148-ci maddəsinə əsasən, Azərbaycan hüdudlarından kənarda bağlanan nikahlar müəyyən şərtlər daxilində ölkədə etibarlı hesab edilir.
Qanuna görə, Azərbaycan vətəndaşları arasında, eləcə də Azərbaycan vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında xaricdə həmin ölkənin qanunvericiliyinə uyğun bağlanan nikah, Ailə Məcəlləsinin 12-ci maddəsində göstərilən maneə hallar olmadığı halda Azərbaycanda tanınır.
Nikahın bağlanmasına mane olan hallar arasında yaxın qohumluq münasibətləri (valideyn-övlad, baba-nənə-nəvə, qardaş-bacı), övladlığa götürmə münasibətləri, artıq nikahda olma, məhkəmə tərəfindən fəaliyyət qabiliyyətsiz sayılma və digər qanunla müəyyən edilən hallar yer alır.
Qanunvericilik həmçinin tibbi müayinədən keçməyən şəxslərin, eləcə də ölkədə qanunsuz yaşayan əcnəbilərin nikah bağlamasına məhdudiyyətlər nəzərdə tutur.
Beləliklə, xaricdə bağlanan nikahlar müəyyən hüquqi tələblər ödənildiyi halda Azərbaycanda da etibarlı sayılır.





