
İyulun 5-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğu vəzifələrinin A növünə aid AC altqrupu, eləcə də dövlət qulluğu vəzifələrinin B növünə aid BA və BB altqrupları üzrə test imtahanları keçiriləcək.
Qanuntv.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Bildirilib ki, imtahanlar saat 10:00-da və 16:00-da başlayacaq. Müvafiq olaraq saat 09:45-dən və 15:45-dən sonra imtahan binasına gələn namizədlər imtahana buraxılmayacaqlar.
Namizədlərin imtahana buraxılış vərəqələrində imtahanın keçiriləcəyi yer, vaxt, bina, imtahana gəlməli olduqları saat və digər zəruri məlumatlar öz əksini tapıb.
Məlumata əsasən, imtahanlara qeydiyyat 2026-cı il iyunun 19-dan 26-dək aparılıb və bu müddət ərzində 1067 namizəd ərizə təqdim edib.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxslər DİM-in rəsmi internet səhifəsinə daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.
Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əsli və "İmtahana buraxılış vərəqəsi" ilə gəlməlidirlər.
Qeyd edək ki, imtahanlar elektron formada kompüterlər vasitəsilə Bakı şəhərində təşkil olunacaq. İmtahanların keçirilməsi üçün 1 ümumi imtahan rəhbəri, 10 zal admini, 68 nəzarətçi və 10 buraxılış rejimi əməkdaşı cəlb olunub.





