
Bakıda valideynləri tərəfindən zorakılığa məruz qaldıqları iddia edilən və itkin düşdükdən sonra tapılan azyaşlı bacı-qardaşla bağlı aidiyyəti dövlət qurumları rəsmi açıqlama yayıblar.
Qanuntv.az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, məsələ ilə bağlı qanunvericiliyin tələblərinə uyğun araşdırma aparılır.
Qeyd olunub ki, məlumat daxil olan kimi uşaqların yerləşdirildiyi "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbərliyi ilə əlaqə saxlanılıb və azyaşlıların təhlükəsizliyinin təmin edilməsi, fiziki və psixoloji vəziyyətinin qiymətləndirilməsi, tibbi, psixoloji və sosial xidmətlərlə əhatə olunması istiqamətində zəruri tədbirlər görülüb.
Komitədən bildirilib ki, məhkəmə-tibbi ekspertizanın rəyi, hüquq-mühafizə orqanlarının araşdırmasının nəticələri və digər sübutlar əsasında məsələyə hüquqi qiymət veriləcək. Əgər uşaqlara qarşı zorakılıq faktı təsdiqlənərsə, təqsirkar şəxslər qanunvericiliyə uyğun məsuliyyətə cəlb olunacaqlar.
Bildirilib ki, uşaqların gələcək taleyi onların ən üstün mənafeyi prinsipi nəzərə alınmaqla müəyyən ediləcək. Zərurət yaranacağı halda valideyn hüquqlarının məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum edilməsi məsələsinə məhkəmə qaydasında baxılacaq.
Daxili İşlər Nazirliyindən də bildirilib ki, hazırda fakt üzrə ərazi polis orqanında araşdırma aparılır. Azyaşlılar polis əməkdaşları tərəfindən sığınacağa yerləşdirilib, anaları polis şöbəsinə dəvət olunaraq izahatı alınıb. Uşaqların aldıqları xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilib.
Xətai Rayon İcra Hakimiyyəti isə açıqlamasında qeyd edib ki, uşaqların yerləşdirilməsi Sosial Xidmətlər Agentliyi tərəfindən təmin olunub. Bildirilib ki, ana rəsmi şəkildə övladlarından imtina edib və bu səbəbdən onların dövlət himayəsinə götürülməsi istiqamətində müvafiq tədbirlər görülür.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.





