
Bakı-Sabunçu istiqamətində hərəkət edən qatarların qrafikində qısamüddətli gecikmə qeydə alınıb. Hadisənin səbəbi elektrik enerjisi təchizatında yaranmış kəsinti olub.
Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev məlumat verib.
Onun sözlərinə görə, Abşeron yarımadasında müşahidə olunan güclü külək nəticəsində səhər saatlarında elektrik enerjisi təchizatında kəsinti yaranıb. Bu səbəbdən Abşeron dairəvi dəmir yolu marşrutu üzrə bəzi qatarların hərəkətində qısamüddətli gecikmələr baş verib.
Bəxtiyar Hacıyev bildirib ki, hazırda problem aradan qaldırılıb və qatarlar qrafikə uyğun hərəkətini davam etdirir.
Qeyd edək ki, daha əvvəl sərnişinlər Bakıxanov, Sabunçu və Zabrat stansiyaları istiqamətində hərəkət edən qatarların gecikməsi ilə bağlı narazılıqlarını ifadə etmişdilər.
Onların sözlərinə görə, qatar stansiyalar arasında qeyri-sabit hərəkət edib, vaqonlarda güclü yırğalanma hiss olunub və sərnişinlərə texniki problem səbəbindən mənzilbaşına gec çatacaqları bildirilib.
Hadisə nəticəsində xəsarət alan olmayıb.





