
Gömrük əməkdaşının iştirakı ilə törədilmiş qaçaqmalçılıq cinayətinə dair məhkəmə araşdırması başa çatıb.
QanunTV.ax-ın məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xaçmaz Gömrük İdarəsinin Samur gömrük postunda böyük inspektor vəzifəsində çalışmış Tural Nəsibov 6 il, onun qohumu Cavid Babayev və yük avtomobili sürücüsü Tehran Ramazanov isə hər biri 5 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər əvvəlcədən əlbir olaraq Rusiyadan dərman vasitələri, aksizsiz siqaretlər və digər malları gömrük nəzarətindən kənar şəkildə ölkəyə keçirməyə cəhd göstəriblər. Cinayət planı gömrük əməkdaşının vəzifə səlahiyyətlərindən istifadə etməsi nəticəsində ifşa olunub.
Cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq edilib. Hökm elan olunduqdan sonra Tehran Ramazanov məhkəmə zalında həbs edilib.





