
Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitut və Naxçıvan Hərbi Kollecində "Açıq qapı" günü təşkil olunacaq.
Qanuntv.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tədbir iyulun 18-də saat 11:00-da keçiriləcək. Tədbir çərçivəsində xaricdə hərbi təhsil almaq istəyən yüksək nəticəli abituriyentlərə və onların valideynlərinə qəbul qaydaları, seçim mərhələləri, eləcə də kursantlar üçün yaradılmış şərait barədə ətraflı məlumat veriləcək.
Qeyd olunub ki, Milli Müdafiə Universitetinin beynəlxalq təhsil əməkdaşlığı proqramları çərçivəsində kursantlar Türkiyə, Almaniya, İtaliya, Koreya və Çin kimi ölkələrin nüfuzlu hərbi təhsil müəssisələrində tam dövlət təminatı hesabına təhsil almaq imkanı əldə edirlər.
Əlavə məlumat almaq istəyən şəxslər iş günləri saat 09:00-dan 17:30-dək universitetin Çağrı Mərkəzinə (*0811) və ya admission@mmu.edu.az elektron poçt ünvanına müraciət edə bilərlər.
Məlumatda həmçinin qeyd olunub ki, tədbirdə iştirak etmək istəyən şəxslərin əvvəlcədən qeydiyyatdan keçmələri tələb olunur.





