
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəhbər heyəti hava hücumundan müdafiə (HHM) bölmələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb. Yoxlama çərçivəsində bölmələrin döyüş hazırlığı səviyyəsi, şəxsi heyətin peşəkarlığı və müasir silah-texnikadan istifadə bacarıqları qiymətləndirilib.
Yoxlamada Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazir müavini – Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Namiq İslamzadə iştirak ediblər. Rəhbər heyət komanda məntəqəsində əməliyyat şəraiti ilə tanış olub, məruzələri dinləyib və bölmələrin fəaliyyətini yerində izləyib.
Bildirilib ki, HHM bölmələri qarşıya qoyulan tapşırıqları yüksək səviyyədə icra edir. Xüsusi məşğələlər zamanı şəxsi heyət hava hədəflərinin aşkar edilməsi və zərərsizləşdirilməsi üzrə praktiki fəaliyyət nümayiş etdirib.
Nazir yeni silah və texnikanın taktiki-texniki xüsusiyyətlərinin dərindən öyrənilməsi, onların döyüş şəraitində səmərəli tətbiqi və şəxsi heyətin peşəkarlıq səviyyəsinin daha da artırılması ilə bağlı müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, bu cür yoxlamalar Azərbaycan Ordusunda döyüş hazırlığının yüksəldilməsi və hava məkanının etibarlı müdafiəsinin təmin olunması məqsədilə mütəmadi şəkildə keçirilir.





