
Şabran rayonunun Söhbətli kəndində son vaxtlar baş verən silsilə oğurluq hadisələri sakinlərin ciddi narahatlığına səbəb olub. Kənd əhalisi bildirir ki, artıq vəziyyət nəzarətdən çıxmaq üzrədir və insanlar gecələr belə rahatlıq tapa bilmir.
Qanuntv.az xəbər verir ki, sakinlərin sözlərinə görə, oğrular təkcə mal-qaraya deyil, qəbiristanlıq ərazisinə və hətta meyvə ağaclarına qədər uzanıblar. Bu isə kənddə həm maddi, həm də mənəvi gərginliyi artırıb.
Kənd sakinlərindən biri bildirib ki, təxminən bir ay əvvəl kəndin yuxarı məhəlləsindən iki baş iribuynuzlu heyvan oğurlanıb və bu kimi hallar bir neçə dəfə təkrarlanıb:
“Artıq bir aydır ki, kənddə oğurluq halları baş alıb gedir. Demək olar ki, hər həftə oxşar hadisə baş verir”.
Digər sakin isə vəziyyətin daha da ağırlaşdığını vurğulayıb. Onun sözlərinə görə, oğrular qəbiristanlığa belə əl atıblar:
“Oradan dəmir konstruksiyalar və stullar oğurlanaraq satılıb. Camaat təşviş içindədir, gecələr qorxudan yata bilmirik. Ümumilikdə kəndə 20 min manata yaxın ziyan dəyib”.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi tərəfindən bildirilib ki, faktlarla bağlı polis əməkdaşları tərəfindən araşdırmalar aparılır. Qeyd olunan oğurluq hadisələrini törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Sakinlər isə hüquq-mühafizə orqanlarından daha operativ tədbirlər görülməsini və kənddə təhlükəsizliyin təmin olunmasını tələb edirlər.





