SON DƏQİQƏ
Qanuntv.az » Gündəm » Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür
Gündəm / Sosial

Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

1-08-2026, 10:33 80
Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

Avqustun 1-i Azərbaycanda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib.

Latın qrafikalı Azərbaycan əlifbasına keçidin 2001-ci ilin avqustunda tam başa çatdırılması ölkənin ictimai-siyasi həyatında və yazı mədəniyyətinin inkişafında mühüm mərhələ kimi qiymətləndirilib. Məhz bu tarixi hadisə nəzərə alınaraq avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan olunub.

Azərbaycan əlifbasının latın qrafikasına keçidi istiqamətində ilk ciddi addım 1922-ci ildə Yeni Əlifba Komitəsinin yaradılması ilə atılıb. Komitəyə Azərbaycan (türk) dili üçün latın qrafikalı yeni əlifbanın hazırlanması tapşırılıb. 1923-cü ildən bu istiqamətdə işlər sürətləndirilib, 1929-cu il yanvarın 1-dən isə latın qrafikalı əlifba ölkədə kütləvi şəkildə tətbiq olunmağa başlayıb.

Lakin sonradan SSRİ rəhbərliyinin qərarı ilə 1940-cı il yanvarın 1-dən Azərbaycanda kiril qrafikalı əlifbaya keçilib. Uzun illər istifadə olunan bu əlifba Azərbaycan dilinin fonetik xüsusiyyətlərinə uyğunlaşdırılsa da, müstəqillik dövründə yenidən latın qrafikasına qayıdış zərurəti meydana çıxıb.

1990-cı ildə tanınmış dilçi alim Afad Qurbanovun təşəbbüsü ilə Azərbaycan Əlifba Komissiyası yaradılıb. Komissiyanın hazırladığı yeni latın qrafikalı əlifba 1992-ci ildə təsdiqlənərək tətbiq edilməyə başlanıb.

1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi haqqında qanun qəbul edilib, 2001-ci ildə isə bu proses tam yekunlaşıb. Həmin ilin 9 avqust tarixində imzalanan fərmanla avqustun 1-i rəsmi olaraq Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan olunub.

Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ana dilimizin qorunması, inkişafı, dövlət dili kimi mövqeyinin möhkəmləndirilməsi və milli-mənəvi dəyərlərimizin gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Oxşar xəbərlər