
Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafında göstərdikləri xidmətlərə görə bir qrup idmançı və idman xadimini təltif edib.
Qanuntv.az xəbər verir ki, təltif olunanlar arasında tanınmış idmançılar və mütəxəssislər yer alır.
Cüdo üzrə olimpiya və dünya mükafatçısı, DİN İdman Cəmiyyətinin sədri, polkovnik-leytenant Mövlud Mirəliyev “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb.
Eyni fəxri ad sabiq şahmatçı, Azərbaycan Şahmat Federasiyasının baş katibi İlahə Qədimovaya da verilib.
Azərbaycanın ilk cüdo məşqçilərindən və hakimlərindən biri olan Tərlan Həsənov Prezidentin fərdi təqaüdü ilə təltif edilib. O, Olimpiya çempionu Hidayət Heydərovun müəllimidir.
Beynəlxalq dərəcəli hakim-inspektor, sabiq FIFA referesi Asim Xudiyev də Prezidentin fərdi təqaüdünü alanlar sırasındadır.
Təltif olunanlar arasında Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun oğlu, armrestlinq üzrə usta idmançı Azər Məhərrəmov da yer alır. O, “Tərəqqi” medalı ilə təltif olunub.
Kikboksinq Federasiyasının vitse-prezidenti, dəfələrlə beynəlxalq yarışların qalibi olan Eduard Məmmədov da “Tərəqqi” medalına layiq görülüb.
Qeyd edək ki, bu təltiflər ölkədə idmanın inkişafına və idmançıların beynəlxalq arenada qazandığı nailiyyətlərə verilən yüksək qiymətin göstəricisidir.





