
Qəbul imtahanlarında qanunsuz vasitələrdən istifadə ilə bağlı cinayət işi genişlənir
Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı Kamran Əsədov və Gündüz Abbasovla bağlı araşdırmalar genişləndirilir. Hazırda hər iki şəxsin və digər şəxslərin əvvəllər də analoji əməli törətməsi ilə bağlı istintaq aparılır.
Əgər araşdırmalar nəticəsində yeni faktlar üzə çıxarsa, qanunsuz yollarla universitetlərə daxil olmuş şəxslər ali məktəblərdən xaric edilə bilərlər.
Məlumata görə, Kamran Əsədov və Gündüz Abbasov Cinayət Məcəlləsinin 302.3-cü (gizli informasiya əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz satılması və ya satış məqsədilə əldə edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunublar. Onlar abituriyentlərə xüsusi avadanlıqların quraşdırılması üçün 9, 8, 6 və 15 min manat (ümumilikdə 70 min manat) pul qarşılığında razılığa gəlib, ödəniş isə imtahan nəticəsindən sonra veriləcəkmiş.
Kamran Əsədov bütün ittihamlarla bağlı özünü təqsirli bilmədiyini bildirib. Gündüz Abbasov isə yalnız 302.3-cü maddə üzrə özünü təqsirli sayıb.





