
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında deputat Rövşən Muradov Azərbaycanda içməli su və kanalizasiya xidmətləri ilə bağlı problemlərin həddindən artıq çox olduğunu bildirib.
Deputat xüsusilə yağış və tullantı sularının axıdılması ilə bağlı vəziyyətin acınacaqlı olduğunu vurğulayıb: “Bu qədər vəsait ayrılıb, bu qədər iş görülüb, amma nəticə elədir ki, həyəcan təbili çalınır. Yağış yağanda şəhərimizi su basır, insanlar əziyyət çəkir, obyektlərə ziyan dəyir”.
Rövşən Muradov həmçinin “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”nın icrasına cəlb olunmuş nazirliklər və dövlət komitələrinin işlər barədə mütəmadi məlumat verməsinin vacibliyini qeyd edib: “Biz də vətəndaşlarımıza çevik informasiya məhsulu təqdim edə bilək. Bu uzunmüddətli dövlət proqramıdır, milli strategiyadır. Dövlət bura böyük vəsaitlər xərcləyəcək, həmçinin xaricdən vəsait cəlb etməyi düşünürük, çünki xarici borcumuzu azaltmışıq”.





