
Münhen Təhlükəsizlik Konfransının sədri Volfqanq İşinqer Avropa ölkələrinin NATO-nun nüvə çəkindirmə sistemində daha aktiv iştirak etməsinin vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, hazırda NATO-nun nüvə çətiri əsasən ABŞ-ın potensialına söykənir. İşinqer hesab edir ki, Fransa və Böyük Britaniya öz nüvə imkanları ilə Alyansın çəkindirmə siyasətinə əvvəlkindən daha böyük töhfə verə bilər. Bu addım Avropanın təhlükəsizlik sahəsində daha güclü mövqe nümayiş etdirməsinə xidmət edər.
İşinqer bildirib ki, belə yanaşma Rusiya, ABŞ və Çin üçün Avropanın özünü daha qəti şəkildə təsdiq etdiyinə dair siyasi siqnal ola bilər. Bununla yanaşı, o, Avropanın daha fəal rolunun ABŞ-dan uzaqlaşma kimi qəbul edilməməsinin vacibliyini də qeyd edib.
Ekspert Almaniyanın bu prosesdə xüsusi rol oynaya biləcəyini də vurğulayıb. Onun fikrincə, Berlin Avropa ilə ABŞ arasında “körpü qurucusu” kimi çıxış edərək bu təşəbbüslərin Vaşinqtonda yanlış anlaşılmasının qarşısını ala bilər.
Mütəxəssislər qeyd edirlər ki, Avropada təhlükəsizlik risklərinin artması fonunda region ölkələri müdafiə və çəkindirmə mexanizmlərini gücləndirmək istiqamətində yeni yanaşmaları müzakirə edir. Son aylarda Avropada ümumi nüvə müdafiə mexanizmlərinin gücləndirilməsi ilə bağlı müzakirələrin intensivləşdiyi bildirilir.





