
Qanuntv.az xəbər verir ki, aprelin 4-dən etibarən ölkə ərazisində müşahidə olunan intensiv yağıntılı hava şəraiti bir sıra problemlərə səbəb olub. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, xüsusilə Bakı və Abşeron yarımadasında aprelin 5-6-da yağıntının miqdarı 90 mm təşkil edib ki, bu da aylıq normanın 390 faizinə bərabərdir.
Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, güclü yağışlar nəticəsində paytaxtın müxtəlif ərazilərində subasma halları müşahidə olunub. Kanalizasiya sistemi olmayan qəsəbələrdə vəziyyət daha çətin olub. Həmin ərazilərdə kommunal xidmətlərin əməkdaşları xüsusi texnikalar vasitəsilə yağış sularının çəkilməsi işlərini aparır, zəruri hallarda isə sakinlərin təhlükəsiz əraziyə təxliyəsi həyata keçirilir.
Ərazilərə su nasosları, xüsusi qurğular və ağır texnikalar cəlb olunub. BŞİH, onun tabeliyində olan qurumlar və rayon icra hakimiyyətləri gücləndirilmiş iş rejiminə keçib, aidiyyəti strukturlar fasiləsiz fəaliyyət göstərərək yaranmış problemlərin aradan qaldırılması istiqamətində tədbirlər görür.
Intensiv yağış ətraf mühitə də təsirsiz ötüşməyib. Aprelin 5-i axşam saatlarından 6-sı səhərədək davam edən yağış və güclü külək nəticəsində bir sıra ağaclar aşaraq yollara tökülüb. Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin operativ qrupları hadisə yerlərinə cəlb olunaraq aşan ağacların təmizlənməsini təmin edib.
Hazırda BŞİH-in monitorinq qrupları ərazilərdə fəaliyyət göstərərək su yığılan və problemli nöqtələri müəyyən edir və aidiyyəti qurumlara operativ məlumatlar təqdim edirlər. Ümumilikdə, paytaxtda intensiv yağışların yaratdığı fəsadların aradan qaldırılması üçün bütün məsul qurumlar koordinasiyalı şəkildə işləyirlər.





