
Azərbaycanlı MMA döyüşçüsü Fərman Həsənov UFC-də qarşısına qoyduğu hədəflərdən danışıb.
Qanuntv.az xəbər verir ki, idmançı iyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək “UFC Fight Night” turniri öncəsi hazırlıq prosesi və gözləntiləri barədə fikirlərini bölüşüb.
Fərman Həsənov bildirib ki, UFC onun üçün uzun illər arzuladığı böyük məqsəd olub və dünyanın ən güclü döyüş təşkilatında çıxış etmək yolun yalnız başlanğıcıdır.
“UFC mənim üçün hər zaman həm məqsəd, həm də arzu olub. Bu gün artıq dünyanın ən güclü təşkilatında çıxış edirəm. Amma mənim üçün bu, hələ yolun başlanğıcıdır. Məqsədim özümü ən yüksək səviyyədə sübut etmək, ardıcıl qələbələr qazanmaq və titul uğrunda döyüşməkdir”, – deyə o qeyd edib.
Döyüşçü əlavə edib ki, heç bir rəqibdən çəkinmir və hər qarşılaşmaya qələbə əzmi ilə hazırlaşır.
Bakıda keçiriləcək UFC gecəsinin Azərbaycan üçün böyük hadisə olduğunu vurğulayan Həsənov doğma azarkeşlər qarşısında çıxış etməyin ona əlavə motivasiya verdiyini bildirib.
Qeyd edək ki, “UFC Fight Night” çərçivəsində keçiriləcək gecədə Rafael Fiziyev və Manuel Torres oktaqonda üz-üzə gələcək. Fərman Həsənov isə amerikalı Erik Nolanla qarşılaşacaq.






