
Hər bir ölkənin gələcəyi sağlam təfəkkürlü, bilikli və vətəninə bağlı böyüyən uşaqlardan başlayır. Bu müqəddəs missiyanın təməli isə məktəbəqədər təhsil müəssisələrində qoyulur. Uşaqların ilk sosial mühitini formalaşdıran, onların mənəvi, əqli və fiziki inkişafına istiqamət verən bu müəssisələrin uğurlu fəaliyyəti bacarıqlı rəhbərlərin peşəkarlığı ilə sıx bağlıdır. Şəmkir şəhər 8 nömrəli körpələr evi–uşaq bağçasının müdiri Kamalova Jalə Eldar qızı məhz belə rəhbərlərdən biri kimi məsuliyyətli fəaliyyəti ilə seçilir.
Jalə Kamalova rəhbərlik etdiyi müəssisədə hər bir uşağın fərdi inkişafına həssas yanaşılması, sağlam və təhlükəsiz təhsil mühitinin yaradılması, müasir pedaqoji yanaşmaların tətbiqi istiqamətində ardıcıl iş aparır. Onun idarəçilik fəlsəfəsinin əsasını uşaqların keyfiyyətli təhsil alması, milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması və onların yaradıcı potensialının üzə çıxarılması təşkil edir.
Peşəsinə sonsuz sevgi ilə yanaşan Jalə Kamalova pedaqoji kollektiv arasında qarşılıqlı hörmət, əməkdaşlıq və məsuliyyət prinsipini formalaşdırmış, bağçada sağlam iş mühiti yaratmışdır. O, müəllim və tərbiyəçilərin peşəkar inkişafını daim dəstəkləyir, valideynlərlə səmərəli əməkdaşlığın qurulmasına xüsusi önəm verir. Bu isə təlim-tərbiyə prosesinin daha səmərəli təşkil olunmasına mühüm təsir göstərir.
Onun rəhbərliyi dövründə həyata keçirilən maarifləndirici layihələr, milli bayramlara və tarixi günlərə həsr olunan tədbirlər, uşaqların istedad və bacarıqlarının inkişafına yönəlmiş proqramlar məktəbəqədər təhsilin keyfiyyətinin yüksəlməsinə xidmət edir. Jalə Kamalova hesab edir ki, hər bir uşağa göstərilən diqqət gələcəyin savadlı, vətənpərvər və layiqli vətəndaşının yetişdirilməsinə qoyulan ən qiymətli sərmayədir.
Təvazökarlığı, yüksək məsuliyyət hissi, prinsipial mövqeyi və humanist keyfiyyətləri ilə seçilən Kamalova Jalə Eldar qızı həm kollektivin, həm də valideynlərin rəğbətini qazanan nümunəvi təhsil rəhbərlərindən biridir. Onun fəaliyyəti məktəbəqədər təhsilin inkişafına verilən mühüm töhfələrdən biri kimi qiymətləndirilir.
Qanuntv.az kollektivi Kamalova Jalə Eldar qızına şərəfli fəaliyyətində davamlı uğurlar, möhkəm cansağlığı, yeni nailiyyətlər və Azərbaycan təhsilinin inkişafı naminə həyata keçirdiyi nəcib missiyada böyük müvəffəqiyyətlər arzulayır.





