
ABŞ-nin vasitəçiliyi ilə İsrail və Livan arasında danışıqların növbəti mərhələsinin 4-6 avqust tarixlərində İtaliyanın paytaxtı Romada keçirilməsi planlaşdırılır. ABŞ Dövlət Departamenti hesab edir ki, üçtərəfli çərçivə sazişinin tam icrası İsrail və Livan arasında uzunmüddətli sülhün əldə olunması üçün əsas şərtdir.
QANUNTV.AZ xəbər verir ki, iyulun 21-də Livan Prezidenti Cozef Aunun ABŞ Prezidenti Donald Trampla görüşündən sonra tərəflər arasında münasibətlərin normallaşdırılması istiqamətində diplomatik fəallıq artıb.
Eyni zamanda, Donald Trampın İrana qarşı planlaşdırılan yeni hərbi zərbələri təxirə salması Vaşinqtonun diplomatik kanalları açıq saxlamaq niyyətindən xəbər verir. İranın xarici işlər naziri Abbas Əraqçı da bildirib ki, Tehran region ölkələrini düşmən hesab etmir və qonşu dövlətlərlə etimadın bərpasında maraqlıdır.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, professor Əlimusa İbrahimov Oxu.Az-a açıqlamasında bildirib ki, Livan-İsrail danışıqları İran-ABŞ münasibətləri baxımından əhəmiyyət daşısa da, bu prosesin həlledici amilə çevriləcəyini söyləmək çətindir.
Onun sözlərinə görə, ABŞ İsrailin Livan və digər qonşu ölkələrdə hərbi əməliyyatlarının genişlənməsinin tərəfdarı deyil və Vaşinqton bu istiqamətdə Tel-Əvivə təzyiqlərini davam etdirə bilər. Ekspert hesab edir ki, Livanda gərginliyin azalması ABŞ-nin İranla danışıqlarda əlavə diplomatik üstünlük qazanmasına şərait yarada bilər.
Professor əlavə edib ki, ABŞ ilə İran arasında danışıqların gələcək taleyi Donald Tramp administrasiyasının hərbi və siyasi vəziyyətə verəcəyi qiymətləndirmədən asılı olacaq. Onun fikrincə, hazırkı mərhələdə həm danışıqların bərpası, həm də gərginliyin yenidən artması ehtimalı qalmaqdadır.





