
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda qanunsuz erməni silahlı birləşmələrinə qarşı həyata keçirdiyi "Qisas" antiterror əməliyyatından dörd il ötür.
Qanuntv.az xatırladır ki, 2022-ci il avqustun 3-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində fəaliyyət göstərən qanunsuz erməni silahlı dəstələri 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarını kobud şəkildə pozaraq Azərbaycan Ordusunun mövqelərinə qarşı terror-təxribat törədib. Hadisə nəticəsində Azərbaycan Ordusunun əsgəri Anar Rüstəm oğlu Kazımov şəhid olub.
Bundan sonra Azərbaycan Ordusu "Qisas" cavab əməliyyatına başlayıb. Əməliyyat nəticəsində Kəlbəcər və Laçın istiqamətində yerləşən Qırxqız yüksəkliyi, eləcə də Qarabağ silsiləsindəki Sarıbaba və digər mühüm strateji yüksəkliklər nəzarətə götürülüb.
Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı birləşmələrinin bir neçə döyüş mövqeyi məhv edilib, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsində yerləşən hərbi obyektə dəqiq zərbələr endirilib. Nəticədə düşmənin canlı qüvvəsi, hərbi texnikası, D-30 haubitsaları, nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatı məhv edilib.
"Qisas" antiterror əməliyyatı Azərbaycanın öz suverenliyini və təhlükəsizliyini təmin etmək istiqamətində həyata keçirdiyi mühüm hərbi əməliyyatlardan biri kimi tarixə düşüb.





