
Azərbaycan futbolunda qəribə bir yanaşma müşahidə olunur: yerli məşqçilər məhdud imkanlarla komandanı irəli aparmağa çalışarkən tez-tez “qara siyahı”ya düşürlər. Əksər klub rəhbərləri üçün uğur, əslində, komandalarının qələbəsi deyil, büdcənin necə “səmərəli” xərclənməsidir.
Son illərdə yaşanan hallar futbol məntiqinə sığmır. Tərlan Əhmədov “Kəpəz”i dağılmaqdan xilas edərək liqada saxlayır, amma nəticədə ona qapının yeri göstərilir. Azər Bağırov isə “Araz-Naxçıvan”ı debütant kimi yüksək pillələrə daşıyır — amma yol ayrılır.
Hətta Bağırov ötən mövsüm “Kəpəz”i Premyer Liqada saxlayır, lakin komandadan göndərilir və bir neçə tur sonra yanlış qərarın düzəldildiyi açıqlanır və mütəxəssis kluba qaytarılır.
Bu mənzərə Azərbaycan futbolunda uğurun necə qiymətləndirildiyi sualını gündəmə gətirir: nəticə uğur sayılmır, amma büdcənin “səmərəli xərclənməsi” əsas meyara çevrilir.





