
Şahmat üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinin ikinci partiyaları keçirilib.
Qanuntv.az-ın məlumatına görə, yarışın reytinq favoriti Şəhriyar Məmmədyarov cavab görüşündə Əhməd Əhmədzadə ilə heç-heçə edib. İki partiyanın yekun nəticəsinə əsasən 1,5-0,5 hesabı ilə qalib gələn Məmmədyarov yarımfinala vəsiqə qazanıb.
Qadınların yarışında isə Ülviyyə Fətəliyeva hər iki partiyada qalib gəldiyi Səbinə İbrahimovanı turnirdən kənarlaşdırıb. 2-0 hesablı qələbə sayəsində Fətəliyeva yarımfinalda mübarizə aparmaq imkanı əldə edib.
Azərbaycan çempionatının ötənilki qalibi Günay Məmmədzadə isə hər iki partiyada Ayan Allahverdiyevaya məğlub olaraq yarışı tərk edib.
Digər qarşılaşmalarda hələlik qalib müəyyənləşməyib. Read Səmədov – Rauf Məmmədov, Eltac Səfərli – Məhəmməd Muradlı, Nicat Abasov – Aydın Süleymanlı görüşləri heç-heçə nəticələnib.
Qadınlarda da Nərmin Abdinova – Türkan Məmmədyarova və Gülnar Məmmədova – Xanım Balacayeva duellərində bərabər hesab qeydə alınıb. Bu cütlüklərdə yarımfinala vəsiqənin taleyi sabah keçiriləcək tay-brek oyunlarında məlum olacaq.
Beləliklə, hazırda üç şahmatçı – Şəhriyar Məmmədyarov, Ülviyyə Fətəliyeva və Ayan Allahverdiyeva ölkə çempionatının yarımfinalına yüksəlib.







