
2026-cı il martın 30-da yağan intensiv yağışlar Culfa rayonu ərazisində ciddi fəsadlara səbəb olub. Təbii hadisə nəticəsində rayonun Kırna kəndində yerləşən fərdi yaşayış evlərindən biri uçub.
Hadisə nəticəsində ev Nəimi Abdullayevə məxsus olub. Məlumata görə, hazırda dağıntılar altında ailəyə məxsus dəyərli əşyalar qalıb və onları çıxarmaq mümkün olmayıb.
Zərərçəkən Ruhiyyə Həsənova Baku TV-yə açıqlamasında bildirib ki, hadisədən sonra aidiyyəti qurumlara müraciət etsələr də, onlara verilən müvəqqəti sığınacaq yaşayış üçün uyğun deyil:
“Evdən yarım saat gec çıxsaydıq, nəvəmlə birlikdə dağıntıların altında qalacaqdıq. Qızım zəng vurub dedi ki, evimiz uçub. Aidiyyəti qurumlara məlumat verdik, gəlib baxış keçirdilər və burada qalmağın mümkün olmadığını dedilər. İki gün baldızımgildə qaldıq, daha sonra isə şəraitsiz bir yerə köçürdülər. Ziyanımız çoxdur, qızımın cehizi də evin içində qalıb”.
Ailə hazırda çətin şəraitdə yaşadığını bildirir və müvafiq qurumlardan kömək gözləyir. Hadisə ilə bağlı araşdırmaların davam etdiyi qeyd olunur.





