
Aprelin 30-da saat 14 radələrində Milli Onkologiya Mərkəzində partlayış baş verməsi ilə bağlı Yasamal Rayon Prokurorluğuna məlumat daxil olub.
Qanuntv.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu məlumat yayıb.
İlkin araşdırmalarla müəyyən edilib ki, onkoloji xəstə kimi qeydiyyatda olan 1988-ci il təvəllüdlü Mübariz Əliyev qanunsuz olaraq əldə edib saxladığı partlayıcı vasitəni tibb müəssisəsinin Radiologiya şöbəsində partladıb. Nəticədə o, həkim Asif Nəsirovu ümumi təhlükəli üsulla qəsdən öldürməyə cəhd etməkdə şübhəli bilinir.
Hadisə zamanı Mübariz Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Ağır bədən xəsarətləri alan Asif Nəsirovun vəziyyətinin ağır olduğu bildirilir və onun müalicəsi xəstəxanada davam etdirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu cəlb olunub, əraziyə baxış keçirilib, maddi sübutlar toplanıb. Meyitin müayinəsi üçün məhkəmə-tibbi ekspertiza təyin olunub.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4 (ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq partlayıcı maddələrin əldə edilməsi və saxlanılması) maddələri ilə cinayət işi başlanıb.
Hazırda hadisənin baş vermə səbəbləri, partlayıcı maddənin əldə edilmə mənbəyi və digər mühüm hallar üzrə istintaq tədbirləri davam etdirilir.





