
Gəncə şəhərində qidadan kütləvi zəhərlənmə faktı qeydə alınıb.
Məlumata görə, hadisə şəhərin Atatürk prospektində keçirilən yas mərasimindən sonra baş verib. İlkin məlumata əsasən, bir neçə nəfər qəbul etdikləri qidadan sonra özlərini pis hiss edərək xəstəxanaya müraciət edib.
Xəstəxanaya yerləşdirilən şəxslər arasında azyaşlılar da var. Onların Nuriyyə Rüstəmova (1962), Amin Teymurlu (1986), Sevil Hüseynova (1987), Bənövşə Əliyeva (1963), Mahirə İsmayılova (1983), həmçinin 2015-ci il təvəllüdlü Zeynəb Hüseynova, 2017-ci il təvəllüdlü İbrahim Məmmədov və 2020-ci il təvəllüdlü Uğur İsayev olduğu bildirilir.
TƏBİB-in məlumatına əsasən, zəhərlənmə şübhəsi ilə hospitalizasiya olunan şəxslərə zəruri tibbi yardım göstərilib və onların vəziyyəti stabil qiymətləndirilir. Hazırda müalicələri davam etdirilir.
Hadisə ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Eyni zamanda fakt üzrə Gəncə Şəhər Prokurorluğunda da araşdırma aparılır və hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri tədbirlər görülür.





