
Azərbaycanın Avstriya və Sloveniyadakı fövqəladə və səlahiyyətli səfiri Rövşən Nüsrət oğlu Sadıqbəyli tutduğu vəzifələrdən geri çağırılıb.
Qanuntv.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Rövşən Sadıqbəyli Azərbaycanın Avstriya və Sloveniyadakı fövqəladə və səlahiyyətli səfiri, həmçinin Azərbaycanın BMT-nin Vyana şəhərindəki bölməsində, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, BMT-nin Sənaye İnkişafı Təşkilatı, Beynəlxalq Atom Enerjisi Agentliyi və Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması Müqaviləsi Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Dövlət başçısının digər Sərəncamı ilə Rövşən Sadıqbəyli Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi təyin edilib.
Qeyd edək ki, Rövşən Sadıqbəyli 2021-ci il iyulun 23-də Azərbaycanın Avstriya və Sloveniyadakı fövqəladə və səlahiyyətli səfiri, eləcə də bir sıra beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi təyin edilmişdi.





