
Bu gün start götürən “Bakı-Xankəndi” Azərbaycan Velosiped Yarışı çərçivəsində ilk mərhələ uğurla başa çatıb.
Qanuntv.az xəbər verir ki, yarışın ilk mərhələsi Bakıdakı “Sea Breeze” ərazisindən başlayaraq Sumqayıt şəhərində yekunlaşıb. Velosipedçilər ümumilikdə 158,7 kilometr məsafə qət ediblər.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyası üzrə keçirilən nüfuzlu yarışda dünyanın 20 ölkəsini təmsil edən 24 peşəkar komanda iştirak edir. Yarış boyunca idmançılar yüksək sürət və dözümlülük nümayiş etdiriblər.
İlk mərhələnin qalibi Çinin “Li-Ninq Star” komandasının belaruslu üzvü Aleksey Şnirko olub.
Beş mərhələdən ibarət olan beynəlxalq turnir Azərbaycanın müxtəlif şəhər və rayonlarını əhatə edir. Yarışın əsas məqsədi ölkədə velosiped idmanının inkişafına dəstək vermək, Azərbaycanın beynəlxalq idman tədbirlərinə uğurla ev sahibliyi etdiyini nümayiş etdirmək və işğaldan azad olunmuş ərazilərə diqqəti artırmaqdır.
Turnirin ümumi mükafat fondu 50 min avrodan çoxdur. Yarışa mayın 14-də Xankəndi şəhərində yekun vurulacaq.
Yarışın mərhələləri:
10 may
I mərhələ – Bakı (“Sea Breeze”) – Sumqayıt (158.7 km)
11 may
II mərhələ – Bakı – Şamaxı – İsmayıllı (193.2 km)
12 may
III mərhələ – Qəbələ – Oğuz – Şəki – Mingəçevir (163.3 km)
13 may
IV mərhələ – Gəncə – Göygöl – Goranboy – Suqovuşan – Talış – Naftalan (152.7 km)
14 may
V mərhələ – Tərtər – Ağdam – Füzuli – Şuşa – Xankəndi (181.3 km)





