
Azərbaycanda təhsil sahəsinin rəqəmsallaşması istiqamətində mühüm yenilik baş verib. Nazirlər Kabinetinin təsdiqlədiyi yeni Qaydalara əsasən, təhsil haqqında dövlət sənədlərinin “mygov” platforması üzərindən rəqəmsal formada təqdim edilməsi artıq tam hüquqi qüvvəyə malikdir.
Yeni qərar ali, orta ixtisas, peşə və ümumi təhsil pillələri üzrə verilən diplomları, attestatları, sertifikatları və onlara əlavə olunan sənədləri əhatə edir. Beləliklə, təhsil sənədlərinin təqdim edilməsi prosesi tam şəkildə rəqəmsal müstəviyə keçirilib.
Qaydalar vətəndaşların təhsil sənədlərinə daha rahat və operativ çıxışını təmin etməklə yanaşı, təhsil idarəçiliyində şəffaflığın və səmərəliliyin artırılmasına xidmət edir.
Vətəndaşlar “mygov” platformasında “Xidmətlər” bölməsinə daxil olaraq “Təhsil” kateqoriyası vasitəsilə öz təhsil məlumatlarına çıxış əldə edə bilərlər. Eyni zamanda, “mygov” mobil tətbiqi üzərindən təhsil sənədlərini QR kod vasitəsilə paylaşmaq, həmçinin PDF formatında yükləmək mümkündür.
Bundan əlavə, tətbiqdə mövcud olan “Paylaşdığım məlumatlarım” bölməsi vasitəsilə vətəndaşlar təhsil məlumatlarının nə vaxt, kimlə və hansı platforma üzərindən paylaşıldığını izləyə bilirlər.
Qeyd edək ki, bu yenilik dövlət xidmətlərinin rəqəmsallaşdırılması və vətəndaş məmnunluğunun artırılması istiqamətində atılan ardıcıl addımların davamıdır.





