
ABŞ və NATO çərçivəsində Qrenlandiya ilə bağlı müzakirə olunan yeni saziş layihəsində Rusiya və Çin şirkətlərinin investisiya və iqtisadi layihələrdə iştirakına qadağa qoyulması planlaşdırılır. Xarici KİV-lərin məlumatına görə, sənəd Arktika regionunda təhlükəsizliyin gücləndirilməsi və geosiyasi risklərin azaldılması məqsədi daşıyır.
Bildirilir ki, razılaşma 1951-ci il ABŞ–Danimarka müdafiə sazişinin yenilənmiş forması kimi nəzərdə tutulur və Qrenlandiyada ABŞ-ın hərbi-strateji mövqeyinin möhkəmləndirilməsini əhatə edir. Saziş çərçivəsində Rusiya və Çin kapitallı layihələrin, xüsusilə faydalı qazıntılar, infrastruktur və texnoloji sahələrdə fəaliyyətinin məhdudlaşdırılması gündəmdədir.
Ekspertlər bu addımı Arktikada artan rəqabət fonunda Qərbin Rusiya və Çinin təsir imkanlarını zəiflətmək cəhdi kimi qiymətləndirirlər. Qrenlandiya zəngin təbii ehtiyatlara və strateji coğrafi mövqeyə malik olduğundan, region böyük dövlətlərin diqqət mərkəzindədir.
Qeyd olunur ki, saziş hələ yekunlaşdırılmayıb və tərəflər arasında danışıqlar davam edir. Sənədin son variantında qadağaların hüquqi mexanizmləri və tətbiq dairəsi dəqiqləşdiriləcək.





