
Tərxis olunan hərbi qulluqçular üçün hərbi qeydiyyata alınma müddətinin artırılması təklif edilir.
“Qanuntv.az ” xəbər verir ki, bununla bağlı Hərbi xidmətkeçmə haqqında Əsasnamə-yə dəyişiklik təklif olunub. Qanun layihəsi parlamentin Gənclər və idman komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Müzakirələr zamanı bildirilib ki, vətəndaşlar (Hərbi vəzifə və hərbi xidmət haqqında Qanunun 4.4-cü maddəsində nəzərdə tutulmuş hərbi vəzifəlilər istisna olmaqla) ehtiyata buraxıldıqdan sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidirlər.
Qüvvədə olan qanunvericiliyə əsasən isə bu müddət 3 gün təşkil edir.
Təklif edilən dəyişiklikdə həmçinin vurğulanır ki, hərbi vəzifəlilər (qanunun 4.4-cü maddəsində nəzərdə tutulanlar istisna olmaqla) və çağırışçılar yaşayış yerlərini 3 aydan artıq müddətə dəyişdikdə əvvəlki ünvan üzrə hərbi qeydiyyatdan çıxmalı və olduqları yer üzrə qeydiyyata düşməlidirlər.
Bildirilib ki, Silahlı Qüvvələrin ehtiyatında olan vətəndaşların tibbi şəhadətləndirilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilir. Həqiqi hərbi və ya alternativ xidmət keçmədən xəstəliyinə görə ehtiyata keçirilmiş hərbi vəzifəlilər 30 yaşınadək həqiqi hərbi xidmətə yararlı hesab olunduqları halda çağırışçıların hərbi qeydiyyatına qaytarılır və ümumi qaydada müddətli həqiqi hərbi xidmətə cəlb edilirlər (qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla).
Eyni zamanda qeyd olunub ki, tibbi şəhadətləndirmə prosesinə cəlb edilən tibb işçilərinin əsas iş yerlərində orta əməkhaqları saxlanılır.




