
Yaranmış sel sularının yollar və süni qurğulara vurduğu ziyanların aradan qaldırılması, yolun hərəkət hissəsinin palçıq, lil və qaya parçalarından təmizlənməsi işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən gücləndirilmiş rejimdə davam etdirilir.
Qanuntv.az xəbər verir ki, son günlər ölkə ərazisində müşahidə olunan intensiv yağışlar nəticəsində bəzi avtomobil yollarında, eləcə də körpülər və suötürücü qurğular kimi yol infrastrukturu elementlərində fəsadlar yaranıb.
Agentlik bildirir ki, fəsadların qeydə alındığı ərazilərə dərhal əməkdaşlar və xüsusi texnikalar cəlb olunub, operativ şəkildə təmizləmə və bərpa işləri aparılır. Hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə əlavə tədbirlər görülür, zərurət yarandıqda nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılır.
AAYDA sürücülərdən, xüsusilə dağlıq və dağətəyi ərazilərdə, diqqətli olmağı, hava şəraitini nəzərə alaraq yol hərəkəti qaydalarına ciddi riayət etmələrini xahiş edib.





