
Tanınmış vəkil Pərviz Məmmədov ilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi arasında maraqlı məhkəmə çəkişməsi baş tutub.
Məlumata görə, işə Nərimanov Rayon Məhkəməsində baxılıb.
Belə ki, Pərviz Məmmədov Bakı şəhərinin Bülbül prospektində avtomobilini saxlayaraq “AzParking” sistemi vasitəsilə parklanma haqqı ödəyib. Lakin sonradan həmin ərazidə dayanma və durmanın qadağan edildiyini əsas gətirən yol polisi tərəfindən ona 20 manat məbləğində cərimə tətbiq olunub.
Vəkil hesab edib ki, qadağan olunmuş ərazi ödənişli parklanma məntəqəsi kimi təqdim edildiyindən hesabından tutulmuş 2 manat da əsassız ödənişdir. Bu səbəbdən o, həmin məbləğin geri qaytarılması tələbi ilə AYNA-ya qarşı məhkəməyə müraciət edib.
Məhkəmə iclasında AYNA-nın nümayəndəsi iddianı qəbul etməyərək bildirib ki, nəqliyyat vasitəsi faktiki olaraq həmin ərazidə saxlanıldığı üçün parklanma haqqı qanuni şəkildə tutulub və iddia rədd edilməlidir.
İşə baxan hakim Nərgiz Tağıyeva isə vəkilin tələblərini əsaslı hesab edib. Qərara əsasən, AYNA-dan Pərviz Məmmədovun xeyrinə 2 manat parklanma haqqı və məhkəməyə müraciət üçün ödənilmiş 30 manat dövlət rüsumu tutulmalıdır.





