
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də Türkiyə Respublikasının ədliyyə naziri Akın Gürleki qəbul edib.
Qanuntv.az xəbər verir ki, Türkiyənin ədliyyə naziri Akın Gürlek qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edərək, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə təşəkkürünü bildirib və onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş edib.
Akın Gürlek Azərbaycan ilə Türkiyə arasında ortaq tarixə, mədəniyyətə və qardaşlığa əsaslanan münasibətlərin hər iki ölkə lideri arasında mövcud olan səmimi əlaqələr sayəsində daha da möhkəmləndiyini vurğulayıb.
Qonaq Prezident İlham Əliyevin güclü liderliyi ilə Azərbaycanın mühüm inkişaf yolu keçdiyini qeyd edərək, ölkəmizin iqtisadi tərəqqisinə, beynəlxalq nüfuzunun artmasına və Qarabağ Zəfərinin yaratdığı yeni reallıqlara diqqət çəkib.
Türkiyənin ədliyyə naziri Azərbaycanın regionda enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya əlaqələri və Zəngəzur dəhlizi kimi strateji layihələrin həyata keçirilməsində mühüm rol oynadığını vurğulayıb. O, Türkiyənin bundan sonra da Azərbaycanın yanında olacağını bildirib.
Görüş zamanı Azərbaycan-Türkiyə qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub. Eyni zamanda, hər iki ölkənin Ədliyyə nazirlikləri arasında səmərəli əməkdaşlığın mövcud olduğu vurğulanaraq, tərəfdaşlığın gələcəkdə daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.










