
27 iyul - 2 avqust tarixlərində Bakıda, Milli Gimnastika Arenasında keçiriləcək güləş üzrə U17 dünya çempionatının rəsmi loqosu təsdiqlənib.
Qanuntv.az xəbər verir ki, yeni loqo yarışın idman ruhunu, beynəlxalq əhəmiyyətini və Azərbaycanın zəngin mədəni irsini özündə birləşdirən xüsusi vizual konsepsiya əsasında hazırlanıb.
Loqonun mərkəzində yerləşən stilizə olunmuş iki güləşçi fiquru mübarizəni, rəqabəti və idmanın universal dəyərlərini ifadə edir. Dinamik kompozisiya güləşin əsas prinsipləri olan güc, əzm və ədalətli mübarizə ideyalarını əks etdirir.
Loqoda üstünlük təşkil edən göy rəng Dünya Güləş Birliyinin (UWW) korporativ vizual üslubunun əsas elementlərindən biri hesab olunur. UWW tərəfindən beynəlxalq yarışların brendinqində geniş istifadə edilən göy və ağ rəng palitrası çempionatın vizual kimliyini daha da ön plana çıxarır.
Loqonun xarici hissəsində yer alan ornamentlər isə Qarabağ xalçaçılıq ənənələrindən ilhamlanaraq hazırlanıb. Milli naxışlar Azərbaycanın zəngin mədəni irsini, Qarabağın qədim xalçaçılıq məktəbini və milli sənətin dünya idman arenasında tanıdılmasını simvolizə edir. Bununla yanaşı, beynəlxalq idman tədbirinin Azərbaycanın milli-mədəni dəyərləri ilə vəhdəti nümayiş etdirilir.
Qeyd edək ki, cari ilin ilk güləş mundialında dünyanın müxtəlif ölkələrindən yüzlərlə perspektivli yeniyetmə idmançı medallar uğrunda mübarizə aparacaq.
Bakıda keçiriləcək U17 dünya çempionatı həm idman, həm də Azərbaycanın beynəlxalq arenada tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.





