
Bakıda metro infrastrukturunun təkmilləşdirilməsi məqsədilə “İçərişəhər” stansiyasının arxasında dönmə tunelinin tikintisinə başlanır.
QanunTV.az xəbər verir ki, layihə qırmızı xətt üzrə qatarlararası intervalların azaldılmasına və sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsinə yönəlib.
Məlumata görə, hazırda qatarların eyni platformadan geri dönməsi təhlükəsizlik baxımından intervalın azaldılmasına imkan vermir. Yeni dönmə tunelinin inşası bu problemi aradan qaldıracaq və qatarların hərəkətini daha çevik təşkil etməyə şərait yaradacaq.
Layihə çərçivəsində əvvəllər avtomobil dayanacağı kimi istifadə olunan ərazinin yeraltı hissəsində 200-dən çox avtomobil üçün çoxmərtəbəli parkinqin tikintisi nəzərdə tutulur. Yerüstü sahə isə piyada zonası və yaşıllıq kimi abadlaşdırılacaq.
Qeyd olunur ki, sərnişinlər düşdükdən sonra qatarlar stansiyanın arxasında yerləşən dönmə kamerasına yönəldiləcək və oradan “Həzi Aslanov” istiqamətində hərəkətini davam etdirəcək. Bununla da bufer zonası ləğv olunacaq.
Bildirilib ki, dönmə tuneli yalnız texniki məqsədlərə xidmət edəcək və sərnişinlər üçün yeni giriş nəzərdə tutulmur. Tikinti müddətində “İçərişəhər” stansiyası normal rejimdə fəaliyyət göstərəcək, ətraf küçələrdə isə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmayacaq.





