
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İran ətrafında hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə artırdığını açıqlayıb.
QanunTv.az xəbər verir ki, Trampın sözlərinə görə, hazırda İran yaxınlığında cəmləşdirilən ABŞ qüvvələrinin həcmi vaxtilə Venesuela istiqamətində yerləşdirilən hərbi qüvvələrdən xeyli böyükdür. O, bunu “iri miqyaslı hərbi cəmləşmə” kimi qiymətləndirib.
ABŞ lideri bildirib ki, bu addım bölgədə artan təhlükəsizlik riskləri və İranın davranışları fonunda atılıb. Tramp vurğulayıb ki, Vaşinqtonun məqsədi müharibə deyil, lakin ABŞ öz maraqlarını və müttəfiqlərinin təhlükəsizliyini qorumaq üçün bütün variantlara hazırdır.
Məlumata görə, ABŞ son günlər Yaxın Şərqdə, xüsusilə İranla həmsərhəd bölgələrdə dəniz və hava qüvvələrinin sayını artırıb. Regiona əlavə hərbi gəmilər, kəşfiyyat təyyarələri və texniki vasitələr göndərilib.
Analitiklər Trampın Venesuela ilə müqayisəsini İran məsələsində daha sərt mesaj kimi dəyərləndirirlər. Ekspertlərin fikrincə, bu bəyanat həm Tehrana, həm də beynəlxalq ictimaiyyətə ünvanlanmış siyasi və hərbi xəbərdarlıq xarakteri daşıyır.
Hazırda vəziyyətin necə inkişaf edəcəyi və tərəflər arasında gərginliyin hansı istiqamətdə dəyişəcəyi diqqətlə izlənilir.





