
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian bildirib ki, ABŞ və İran arasında Yaxın Şərqdə baş verə biləcək hər hansı müharibə heç bir tərəf üçün faydalı olmayacaq və bütün regionda qeyri-sabitliyə səbəb olacaq.
Qanuntv.az-ın TASS-a istinadən məlumatına görə, M.Pezeşkian bu sözləri Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə telefon danışığı zamanı səsləndirib. Prezident vurğulayıb ki, İran heç vaxt müharibə tərəfdarı olmayıb və hazırda da belə bir niyyəti yoxdur.
"İran İslam Respublikası heç bir formada müharibə istəməyib və istəmir. Biz dərindən əminik ki, müharibə nə İranın, nə ABŞ-nin, nə də Yaxın Şərq regionunun xeyrinədir" – deyə M.Pezeşkian əlavə edib.
O həmçinin bildirib ki, ABŞ administrasiyası artıq təhdid və güc yolu ilə Tehranın danışıqlara məcbur edilməsinin mümkünsüzlüyünü anlamalıdır. İran Prezidenti qeyd edib ki, ölkəsinə ediləcək hər hansı təcavüz qətiyyətli və sərt cavabla qarşılanacaq, lakin Tehran diplomatik yolla problemin həllini axtarmaqda davam edir.
Qeyd edək ki, yanvarın 26-da ABŞ Prezidenti Donald Tramp İrana doğru böyük bir armadanın irəlilədiyini açıqlamış və Tehranın nüvə silahından imtina edərək danışıqlara oturacağına ümid etdiyini söyləmişdi.





