
Polşada qış mövsümünün başlanğıcından bəri müşahidə olunan güclü şaxtalar insan tələfatına səbəb olub. Rəsmi məlumatlara görə, ölkədə soyuq hava şəraiti nəticəsində azı 92 nəfər ölüb.
Məlumata əsasən, ölənlərin 38-i donvurma, 54-ü isə dəm qazından zəhərlənmə nəticəsində həyatını itirib. Rəqəmlər Polşanın daxili işlər qurumlarının açıqlamasında qeyd olunub.
Rəsmi şəxslər bildiriblər ki, ölkənin xüsusilə şərq bölgələrində hava şəraiti daha sərtdir. Bəzi ərazilərdə temperatur mənfi 29 dərəcəyə qədər enir, hiss olunan temperatur isə mənfi 36 – mənfi 38 dərəcə arasında dəyişir.
Fövqəladə xidmətlər gücləndirilmiş rejimdə fəaliyyət göstərir. Minlərlə polis əməkdaşı və xilasedici soyuqdan sığınacaq axtaran insanları tapmaq üçün tərk edilmiş binaları, zirzəmiləri və digər yerləri yoxlayır. Şəhərlərdə xüsusi istilik çadırları qurulub, bəzi dəmiryolu stansiyaları isə gecə saatlarında açıq saxlanılır.
Qeyd edək ki, mütəxəssislər şaxtalı hava şəraitində xüsusilə evsizlərin, yaşlıların və risk qrupuna daxil olan şəxslərin daha diqqətli olmasını tövsiyə edir.





