
Slovakiyanın Ukraynaya elektrik enerjisi tədarükünü dayandırması ilə bağlı rəsmi Kiyevdən açıqlama verilib.
Qanuntv.az xəbər verir ki, bu barədə Ukraynanın “Ukrenerqo” şirkətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Slovakiya tərəfindən fövqəladə elektrik enerjisi tədarükünün dayandırılması Ukraynanın vahid enerji sisteminə ciddi təsir göstərməyəcək:
“Ukrayna sonuncu dəfə Slovakiyaya fövqəladə yardım üçün təxminən bir ay əvvəl və çox məhdud həcmdə müraciət edib. Ümumilikdə, Slovakiya istiqamətindən birləşdirilmiş enerji sisteminə fövqəladə yardım kifayət qədər nadir hallarda daxil olub. Söhbət qısamüddətli tədarüklərdən gedir”, – deyə şirkət bildirib.
Eyni zamanda qeyd olunub ki, qarşılıqlı fövqəladə yardımın göstərilməsi ilə bağlı müqavilənin Slovakiyanın sistem operatoru – SEPS tərəfindən birtərəfli qaydada dayandırılması barədə rəsmi sənədlər hələlik Ukrenerqoya daxil olmayıb.
Xatırladaq ki, Slovakiyanın Baş naziri Robert Fico ötən gün Ukraynaya elektrik enerjisi tədarükünün dayandırıldığını açıqlayıb. O bildirib ki, Ukraynadan “Drujba” neft kəməri ilə tədarük bərpa olunmayacağı təqdirdə, Bratislava geri addım atmayacaq.





