
Ağdam rayonunda bədbəxt hadisə baş verib.
Hadisə rayonun Zəngişalı kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 2001-ci il təvəllüdlü Hikmət Sadiq oğlu Mahmudlu kənd təsərrüfatı işləri ilə məşğul olarkən traktorun qoşqusuna birləşdirilmiş torpaqüyüdən aqreqatın altında qalıb.
Məlumata görə, gənc həmin vaxt texnikaya kömək etmək üçün ərazidə olub. Ağır xəsarətlər alan 25 yaşlı H.Mahmudlu hadisə yerində həyatını itirib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.





