
Azərbaycan Respublikasının Baş Prokurorluğu və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən birgə keçirilən əməliyyatlar nəticəsində qurumun bir neçə rayon şöbəsində qanunsuz əməllər aşkar edilib.
Qanuntv.az xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Qaradağ, Saatlı, Cəbrayıl və Ağdaş rayon şöbələrinin vəzifəli şəxsləri barəsində cinayət işləri başlanıb.
İstintaqla müəyyən edilib ki, sözügedən vəzifəli şəxslər hərbi təlim toplanışlarından yayınma, hərbi xidmətə möhlət verilməsi və ölkədən çıxışa məhdudiyyətin aradan qaldırılması kimi məsələlər qarşılığında müxtəlif məbləğlərdə rüşvət alıblar.
Toplanmış sübutlar əsasında Ağdaş rayon şöbəsinin rəisi Nurlan Abbasov, Şahlar Usubəliyev, Taleh İsmayılov, Saatlı rayon şöbəsinin rəisi Murad Əhmədov, Araz Kərimli, Cəbrayıl rayon şöbəsinin rəis müavini Niyam Mədətsoylu, eləcə də Qaradağ rayon idarəsinin əməkdaşları Etibar Əliyev və Şamil Alıyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb.
Bakı Hərbi Məhkəməsinin qərarı ilə həmin şəxslər barəsində həbs və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri seçilib.
Araşdırmalar davam etdirilir və cinayət sxemində iştirak edən digər şəxslərin də məsuliyyətə cəlb olunacağı bildirilir.





