
Paytaxt Bakının Nəsimi rayonu ərazisində yaşayış binasında yanğın hadisəsi baş verib.
Qanuntv.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Məlumata əsasən, nazirliyin “112” qaynar telefon xəttinə Rəsul Rza küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində 5-ci mərtəbədə yerləşən mənzilin mətbəxində baş vermiş yanğının genişlənməsinin qarşısı alınıb və qısa müddətdə söndürülüb.
Hadisə zamanı ümumi sahəsi 50 kvadratmetr olan ikiotaqlı mənzilin mətbəxində dolab və soba yanıb.
Yanğın yerində aparılan ilkin baxış zamanı mənzil sahibi, 1939-cu il təvəllüdlü Ayla Ağahəsən qızı Əliyevanin meyiti blokun girişində aşkar olunub və aidiyyəti qurumlara təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.





