
Azərbaycanda geniş istifadə olunan yüksəkdozalı C vitamini preparatlarından biri – Pascorbin 7.5 g/50 ml ilə bağlı son günlər yayılan məlumatlara rəsmi aydınlıq gətirilib.
Oxu.Az-ın sorğusuna cavab olaraq Analitik Ekspertiza Mərkəzi (AEM) bildirib ki, sözügedən dərman vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsinin qüvvədəolma müddəti 21 may 2026-cı il tarixinədəkdir.
Qeyd olunub ki, Azərbaycan qanunvericiliyinə əsasən dərman vasitələrinin ölkəyə idxalı yalnız dövlət qeydiyyatından keçdikdən sonra mümkündür. Bununla yanaşı, qeydiyyat müddəti bitmiş dərman vasitələri, əgər dövriyyəyə buraxılıbsa, son istifadə tarixinədək satışda qala və istifadə oluna bilər.
Mərkəzdən verilən məlumata görə, “Pascorbin” preparatının yenidən dövlət qeydiyyatına alınması ilə bağlı yerli şirkət tərəfindən artıq müraciət edilib və proses mövcud qaydalara uyğun şəkildə davam etdirilir. Bildirilib ki, hazırda prosedurların icrasında hər hansı gecikmə müşahidə olunmur.
Eyni zamanda qeyd edilib ki, preparatın əsas təsiredici maddəsi askorbin turşusudur (C vitamini) və o, vitamin çatışmazlığının müalicə və profilaktikasında istifadə olunur.
Məlumata əsasən, bu dərman vasitəsi sonuncu dəfə 13 fevral 2025-ci il tarixində 60 480 flakon həcmində ölkəyə idxal edilib.
Beləliklə, yayılan məlumatların əksinə olaraq, preparatın qeydiyyatının yenilənməsi prosesi davam edir və hazırda bazarda mövcudluğu ilə bağlı hər hansı rəsmi məhdudiyyət açıqlanmayıb.





