
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edib.
Görüş zamanı dövlət başçısı ilə Martin Çunqonq arasında əvvəlki görüşlər məmnunluqla xatırlanıb.
Baş katib Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəlilədilməsi istiqamətində əldə olunmuş nailiyyətlər, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpası münasibətilə Prezident İlham Əliyevi təbrik edib. Dövlət başçısı isə göstərilən diqqətə görə minnətdarlığını bildirib.
Prezident İlham Əliyev Vaşinqtonda sülh gündəliyi üzrə əldə olunan irəliləyişləri qeyd edərək, artıq Azərbaycan və Ermənistan arasında iqtisadi-ticari münasibətlərin başladığını vurğulayıb. O, həmçinin Azərbaycanın birtərəfli qaydada Ermənistana gedən tranzit yüklər üzərində məhdudiyyətləri aradan qaldırdığını diqqətə çatdırıb.
Görüşdə Prezidentin İrəvanda keçirilmiş “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında iştirakı iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində mühüm addım kimi qiymətləndirilib.
Dövlət başçısı Parlamentlərarası İttifaqın Azərbaycan və Ermənistan arasında parlamentlərarası dialoqun inkişafında, eləcə də parlament sədrlərinin mütəmadi görüşlərinin təşkili istiqamətində rolunu yüksək qiymətləndirib.
Söhbət zamanı Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işləri, mina problemi və bunun mülki əhaliyə təsiri də müzakirə olunub. Tərəflər əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.











