
Cəlilabad rayonunun Uzuntəpə kəndində baş verən bıçaqlanma hadisəsinin təfərrüatı məlum olub.
Hadisə mayın 8-i axşam saatlarında qeydə alınıb. Məlumata görə, kənd orta məktəbinin 5-ci sinif şagirdi ilə 9-cu sinif şagirdi arasında yaranan mübahisə davaya çevrilib. Nəticədə 9-cu sinif şagirdi azyaşlıya xəsarət yetirib.
Daha sonra 5-ci sinif şagirdi evə gələrək baş verənlər barədə valideynlərinə məlumat verib. Bundan sonra uşağın atası İlqar Quliyev qarşı tərəfin evinə gedərək məsələni aydınlaşdırmağa çalışıb.
Lakin 9-cu sinif şagirdinin atası Nicat Cəbiyev ilə aralarında mübahisə yaranıb. İddialara görə, mübahisə zamanı N.Cəbiyev özü ilə götürdüyü mətbəx bıçağı ilə İlqar Quliyevə çoxsaylı zərbələr endirib. Ona qarın, döş qəfəsi və dirsək nahiyələrindən ümumilikdə 11 bıçaq zərbəsi vurulub.
Yaralı dərhal yaxınlıqdakı şəxslərin köməyi ilə Cəlilabad Mərkəzi Xəstəxanasına çatdırılıb. O, ağır vəziyyətdə əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisədən sonra polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində N.Cəbiyev saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.





