
Ağdam təmsilçisi Qarabağ FK heyətini gücləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Klubun heyətinə qatmağa hazırlaşdığı növbəti futbolçunun kimliyi məlum olub.
Məlumata görə, İsveçin Djurgårdens IF klubuna məxsus olan qambiyalı hücumçu Zakaria Sawo transfer prosesini yekunlaşdırmaq və müqavilə imzalamaq üçün artıq Azərbaycana yola düşüb.
26 yaşlı forvard hazırda Kiprin AEL Limassol komandasında icarə əsasında çıxış edir. Futbolçu burada göstərdiyi məhsuldar oyunla diqqətləri üzərinə çəkməyi bacarıb. İsveç və Kipr mediasının yazdığına görə, tərəflər arasında danışıqlar son mərhələyə çatıb və transferin yaxın günlərdə rəsmiləşməsi gözlənilir.
Qeyd edək ki, Zakaria Sawo peşəkar karyerası ərzində İsveçin “BK Olimpik” və “Oskarshamns”, Norveçin isə “Start” klublarında çıxış edib.
Xatırladaq ki, Ağdam klubu daha əvvəl fransalı vinger Jaly Mouaddib transferini də ictimaiyyətə açıqlamışdı. Bununla da “Qarabağ” yeni mövsüm öncəsi transfer çalışmalarını sürətlə davam etdirir.





